İnformatika 1.2 İnformasiyanın Formaları, İnformasiya Prosessləri

Salam Əziz Oxucu! Sən artıq keçən dərsimizlə tanış olmusan, bilirsən ki İnformatika hansı iki sözün birləşməsindən əmələ gəlib və İnformatika nəyi öyrənir. (R.Q. And iç ki, bilirsən ;) )
Hardware, Brainware, Software bu anlayışların nə olduğunu xatırla. Və İnformasiyanın xassələrini bir daha  oxu onsuzda hamsı yadında qalmayıb))) 
Tamlıq, Faydalılıq, Dəqiqlik, Anlaşıqlıq, Obyektivlik, Etibarlılıq, Aktuallıq, Adekvatlıq, Təzəlilik
Qısaca təkrardan sonra artıq yeni dərsimizə keçə bilərik.

a. İnformasiyanın təqdim olunma forma və üsulları. İnformasiyanın növləri.

İnformasiyanın müxtəlif növləri var.
-Vizual (yəni gözlə gördüyümüz) gözümüzlə gördüyümüz nə varsa hamsı vizual informasiyadır.
-Səs formasinda olan informasiyalar. Məsələn eşitdiyimiz bütün məlumatlar səs formasinda olan informasiyalardır.
-Radiodalğalar. Məsələn telefonla danışarkən bizim telefonumuzdan danışdığımız adamın telefonuna informasiya radiodalğalar şəklində ötürülür.
Bu siyahını böyütmək də olar lakin bunlar bizə o qədər də maraqlı deyil. Bizə maraqlı olan Kompyuterlərin informasiyanı hansı formada saxlaması, ötürməsi və qəbul etməsidir. Məsələyə İnformatikanın gözü ilə baxsaq informasıyanın cəmi 2  forması var. Analoq və Rəqəmsal informasiya. 

Analoq İnformasiya
Rəqəmsal (Digital) İnformasiya
Gördüyümüz, eşitdiyimiz, toxunarkən hiss etdiyimiz bütün informasiyalar analoq informasiyadır. Məsələn sən danışırsan dostun sənə qulaq asır. Sənin ağzından çıxan səs siqnalların onun qulağına daxil olur və o səni eşidə bilir. Yaxud sən hal hazırda bu yazını oxuyursan, yazıdan əks olunan işıq sənin gözlərinə daxil olur sən yazını görə bilirsən. Bu informasiyalar analoq informasiyalardır.
Kompyuterin və bir çox müasir qurğuların “beynin”də informasiya analoq formada deyil rəqəmsal formada mövcud olur. Rəqəmsal informasiya kodlaşdırılmış informasiyadır. Bəs o zaman kodlaşdırılmış nədir?
-Kompyuter bizim qədər ağıllı deyil. (eyni zamanda yemək yeyib, televizora baxib, facebookda yazışıb, musiqiyə qulaq asıb, dərs oxuyan nəslin nümayəndələriyik). Yəni eyni vaxtda həm işıq, həm səs, həm hissiyyat formasında informasiyaları qəbul edə bilirik. Ancaq kompyuter bunu bacarmır o ancaq rəqəmlərlə işləyə bilir. Kompyuterə daxil olan bütün informasiyalar nə olursa olsun daxil olan andaca rəqəmlərə (kodlara) çevrilir. 0 və 1 rəqəmlərinə.
Analoq informasiya kəsilməz informasiyadır.
Rəqəmsal informasiya diskret (kəsilən) informasiyadır.

Verilənlər: Atalar deyir ki, “Su girdi qaba oldu içməli”. Təsadüf nəticəsində sağ qalmış o atalardan biri kompyuter ixtira olunduqdan sonra deyib ki “İnformasiya girdi kompyuterə oldu Verilən”. İngiliscəsi DATA. Başqa sözlə Verilən kodlaşdırılmış informasiyadır. 4 tipi var.
-  hesabi (və ya rəqəm tipli)-bütün ədədləri yazarkən bu tipdən istifadə olunur
-  mətn (və ya simvol tipli)-adından görünür (Görünən dağa bələdçi nə lazım?!)
-  məntiqi tipli-yalnız iki qiymət alır: Doğru (True-1), Yalan (False-0)
-  göstərici tipli-kompyuterdə yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit – ikilik rəqəm) adlanır. Bit – informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir.

b. İnformasiyanın əsas prosesləri: toplanılması, saxlanılması, emalı və ötürülməsi.

İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. ((Məsələn siz hal hazırda informatika fənnindən informasiya toplayırsız.))
İnformasiyanın saxlanması. İnformasiya emaldan əvvəl və sonra informasiya daşıyıcılarında saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və Flash kartlardan, yaddaş kartlarından istifadə olunur. ((Siz isə hal hazırda topladığınız informasiyanı çalışın beyninizdə saxlayın. Digər vasitələrin heç birin imtahan zalına buraxmırlar J))
İnformasiyanın və emalı İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Kompyuterdə informasiyanı emal etmək üçün alqoritm və proqramlardan istifadə olunur. Məsələn internetdən bir testlər olan fayl yükləmişik baxırıq ki onun içində bizə lazım olmayan beynimizi qarışdıran testlər var. Faylı açırıq və həmin testləri silirik. Başqa sözlə emal edirik. ((siz də öyrəndiklərinizin bəzilərin yaddaşınızdan silirsiz və ya çatışmayanları ora əlavə edirsiz və imtahana gedəndə ancaq sizə lazım olan informasiyanı özünüzlə aparırsız))
İnformasiyanın ötürülməsi və istifadəçiyə çatdırılması. Topladıq, saxladıq emal etdik indi isə ötürmək zamanıdır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. ((Ötürmək deyilən qəliz bir məsələ deyil ki, hər gün paylaşdğınız statuslar hamsı elə informasiyanın ötürülməsidir))

Xatırlatma: Bəyəndiyiniz dərsləri, dostlarınızın da görüb oxuması üçün paylaşın

Dərsi necə mənimsədiyini bilmək istəyirsənsə aşağıdakı suallara cavab tap:
1. İnformasiyanın hansı növləri var?
2. İnformasiya Hansı formalarda olur?
3. Hal hazırda sən bu bloqdan informasiyanı nə edirsən? (mənim cavabım informasiya ötürürəm, Bəs sənin cavabın?)
4. Yəqin ki ötən dərslərimizdən xatırlayırsan İnformatika elmi İnformasiya və onun prosesslərini öyrənir. İnformasiyanın hansı prosessləri var?
5. Və şərtimiz şərtdir, öyrəndiyin dərsi kiməsə öyrət. 
Unutmayın: Bir dəfə öyrətmək 100 dəfə təkrar etməkdən yaxşıdır.  MagistrOL atalar sözü ))

Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.

Mündəricata Keçid Et

Müəllif: Rəşadət Şərifov

No comments:

Post a Comment

www.magistrol.com

Digər Videolarımızı İzləmək Üçün ya videonun yuxarı sol küncündə olan düyməyə klikləyin ya da youtube-da Rəşadət Şərifov kanalına daxil olun.
MAGISTR OL